“İnsan genomu” layihəsi haqqinda darvinist-materialist yanılmalar

“İnsan genomu” layihəsinin nəticələri darvinistləri məyus etdi. Təkamül nəzəriyyəsinin bu çıxılmaz vəziyyətini Türkiyənin bəzi mətbuat orqanları saxta xəbərlərlə ört-basdır etməyə çalışdılar.

Daha əvvəl təkamülçülərin “genetik bənzərlik” ilə bağlı saxtakarlıqlarından bəhs etmişdik. İddia edildi ki, genetik xəritə Allah`ın yaratdığı qədəri dəyişdirəcək. Bu fikir bəzi darvinist-materialist KİV-lər tərəfindən müxtəlif başlıqlar altında gündəmin əsas mövzusuna çevrildi. Əslində isə müəyyən qruplar tərəfindən ortaya atılan böyük bir yalandır. Son dövrlər qəzet və televiziya proqramlarında səsləndirilən başlıqların hiyləgər təlqindən ibarət olması aşkar görünür. “İnsan artıq qədərinə məğlub olmayacaq” kimi mesajların genetik xəritənin nəticələri ilə birlikdə cəmiyyətə təqdim edilməsi böyük saxtakarlıqdır. Çünki insanın gen xəritəsinin çıxarılması onun qədərini dəyişdirməz, çünki bu da insanın qədərindədir.

Qədəri dəyişdirmək (Allah`ın diləməsi istisna olmaqla) mümkün deyil

Qədər Allah`ın bütün keçmiş və gələcəyi bir an kimi bilməsidir. Rəbbimiz yaşayacağımız bütün hadisələri ən əvvəldən bilir. İnsanların əksəriyyəti Allah`ın hələ baş verməmiş hadisələri əvvəlcədən necə bildiyini, yəni qədəri tam qavraya bilmirlər. Halbuki, insanın hələ qarşılaşmadığı hər hansı hadisə onun üçün qeybdir. Nəticəsi bilinməyən bütün hadisələr yalnız bizim üçün naməlumdur. Sonsuz elm sahibi Allah isə zaman və məkandan münəzzəhdir, zamanı və məkanı yaradan Özüdür. Buna görə də Allah üçün keçmiş, gələcək və bu an -hamısı eynidir. Allah Qatında bizim bu an yaşadığımız və gələcəkdə yaşayacaqlarımız olub bitmişdir. Bütün insanlar Allah`ın onlar üçün yaratdığı qədərə vaxtı çatanda şahid olacaqlar.

Film lentini əlində saxlayan insanın filmin əvvəlini, sonunu, ortasını tək bir anda görməsi kimi, Allah da yaratdığı bütün insanlarla bağlı hər şeydən xəbərdardır. Hər şeyi tək bir an kimi yaradan və bilən Allah bu tək bir anda, yəni sonsuz qısa zamanda sonsuzluğu, sonsuz böyük zamanı yaradaraq gücünün böyüklüyünü bizə göstərir.
Allah dünya yaranandan bu günə qədər yaşamış və yaşayan bütün insanların həyatlarını bütün detalları ilə birlikdə yaratmışdır. Bir insanın doğumundan ölümünə qədər qarşılaşacağı müsbət və ya mənfi kimi görünən bütün hadisələr Allah`ın məlumatı daxilində reallaşır. Ənam surəsində yer üzündə meydana gələn kiçik-böyük bütün hadisələrin Allah`ın diləməsi ilə reallaşdığı belə xəbər verilir:

“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam surəsi, 59)

Bütün insan və hadisələr üçün bu vəziyyət eynidir. Heç kimin Allah`ın onun üçün yaratdığı qədərə müdaxilə etməsi, hadisələrin gedişatında hər hansı dəyişiklik etməsi mümkün deyil. Məsələn, Allah hər insanı müddəti müəyyən olan ömürlə yaratmışdır və hər insanın ölüm anı, yeri və səbəbi Allah Qatında müəyyəndir. Məsələn, insan bir xəstəliyə mübtəla olarsa bu, qədərində doğulmadan milyardlarla il əvvəl müəyyən edilmişdir. Sağalıb sağalmayacağı da Allah tərəfindən qədərində təyin olunmuşdur. Hətta sağalmasına vəsilə olacaq həkimlər, tibb bacıları, xəstəxana, dərmanlar, müalicə metodları Allah qatında əvvəldən yazılmışdır. Buna görə də əgər insan sağalırsa bu, qədəri məğlub etməsi demək deyil, əksinə qədərinə sağalmaq yazıldığı üçündür.

Hətta insan ömrü genlərə müdaxilə yolu ilə uzadılsa belə bu, qədəri dəyişdirməz. Çünki Allah onsuz da həmin insanı uzun ömürlü yaratmışdır. Gen xəritəsinə müdaxilə bu insanın ömrünün uzadılmasına sadəcə vəsilədir. Gen xəritəsinin tapılması, həmin insanın məhz texnologiyanın inkişaf etdiyi bir dövrdə yaşaması və ömrünün tibbi müdaxilə ilə uzadılması onun qədərindədir, bunların hamısı Allah qatında daha o insan dünyaya gəlməmişdən əvvəl müəyyən edilmişdir.
Eynilə bu layihədən faydalanaraq ölümcül xəstəlikdən sağalan insan da qədəri dəyişdirmir. Çünki xəstəlikdən bu layihənin vəsiləsi ilə xilas olmaq onun qədərinədir. Nəticə etibarilə insanın gen xəritəsinin çıxardılması və genetik proqrama müdaxilə etmək Allah`ın yaratdığı qədəri dəyişdirmir. Əksinə, bəşəriyyət Allah`ın yaratdıqlarını kəşf edir və faydalanır. Dolayısı ilə, əgər insan elmi inkişaf sayəsində 120 il yaşayırsa, bu Allah`ın onun üçün əvvəldən təqdir etdiyi yaşdır. Allah hər bir insanın ömrünün Öz qatındakı Kitabda yazılı olduğunu bir ayəsində belə bildirir:

“Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.” (Fatir surəsi, 11)

İllərlə verdiyi imtahanlarda müvəffəqiyyətsiz olan, lakin sonda universitetə daxil olan abituriyent, şirkətini iflasdan xilas edən iş adamı, son anda təyyarəyə gecikərək qəzadan xilas olan insan və belə hadisələrlə üzləşən digər insanlar bunları məhz qədərlərində olduğu üçün yaşayırlar. Bu insanların heç biri qədəri dəyişdirməyə qadir deyil. Başqaları da bu insanların qədərinə müdaxilə edə bilməz.

Bir sözlə, “qədərə qalib gəldim”, “qədəri dəyişdim” kimi ifadələr qədəri düzgün dərk etməməkdən qaynaqlanır. Hətta insanın bu ifadələrdən harada, nə vaxt, hansı şəraitdə istifadə edəcəyi də qədərində əvvəlcədən təyin olunmuşdur.
Allah hər şeyin Onun qatındakı bir Kitabda yazıldığını bildirmişdir. Biz bu Kitabda yazılanları eynilə yaşayırıq, belə ki, oradan heç bir şey əskilməz və ora heç bir şey əlavə olunmaz:

“...Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın.” (Səba surəsi, 3)

“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyənedilmiş)olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.” (Hədid surəsi, 22)

İnsanı və ya hər hansı bir canlını kopyalamaq yaratmaq deyil

Bəzi mətbuat orqanları genetika elminin inkişafı ilə insanı kopyalamağın mümkün olacağı, beləliklə insanın insan yarada bilməsi iddiasını gündəmə gətirirlər. Bu, tamamilə səhv və əsassız fərziyyədir. Çünki yaratmaq bir şeyi yoxdan var etməkdir və bu güc yalnız Allah`a məxsusdur. Genetik məlumatı kopyalamaqla bir canlının kopyasını meydana gətirmək yaratmaq demək deyil. Çünki canlının hüceyrələri hazır formada götürülür və kopyalanır. Ancaq indiyə qədər bir canlı hüceyrəsini belə yoxdan yaratmaq mümkün olmamışdır. Bu barədə cəhdlər nəticə vermədiyi üçün dayandırılmışdır.

Nəticə etibarilə, insanın genetik quruluşunun kəşf edilməsi onun qədərini dəyişdirməyə qadir deyil, ola da bilməz. Hər hadisə, danışıq, kəşf Allah Qatında əvvəlcədən müəyyən edilmiş qədərə uyğun baş verir. Buna elmin, texnologiyanın irəliləməsi və bu irəliləyişin insan həyatına təsiri də daxildir. Allah hər şeydən xəbərdar olan və hər şeyi elmi ilə əhatə edəndir. Kiçik, böyük hər hadisənin Allah`ın məlumatı daxilində baş verdiyi Quranda belə xəbər verilir:

“Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Yunus Surəsi, 61)

...

© 2016 | Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb